Asan İmza

Sizin də "Asan İmza"nız olsun, işiniz asanlaşsın!

Nazirliklərdə, Dövlət Sosial Müdafiə fondunda, e-xidmətlərdə, kommunal xidmətlərdə və bu kimi digər sahələrdə 600-ə qədər fərqli əməliyyat üçün "Asan İmza"dan yararlana bilərsiniz.

Bakcell bütün abunəçilərinə müasir elektron xidmət təqdim edir. Artıq bizim abunəçilərimiz e-xidmətlərə daxil olanda, rəqəmsal imzalar edəndə, şəxsiyyətini təsdiqləyəndə mobil telefonu vasitəsi ilə "Asan İmza" xidmətindən yararlana bilərlər.

"Asan İmza" xidməti istifadə etdiyiniz SİM karta (nömrəyə) və yaxud yeni SİM karta tətbiq edilə bilər. Bu xidməti aktivləşdirmək üçün:

  • şəxsiyyət vəsiqənizlə birlikdə Bakcell Müştəri Xidmətləri Mərkəzinə gəlin və "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartınızı əldə edin;
  • sonra SİM kartda rəqəmsal sertifikatlarınızı aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edin.

"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanları istifadə edə bilərlər.

3 illik qoşulma haqqı1 aylıq abunəSIM dublikatı üçün ödənişTələb olunan sənədlər"Asan İmza" ilə tranzaksiya qiyməti
Fiziki şəxslər (vətəndaşlar) üçün 0 AZN 0 AZN* 3.50 AZN şəxsiyyət vəsiqəsi 0 AZN
Dövlət strukturları üçün 16 AZN 0 AZN 3.50 AZN şəxsiyyət vəsiqəsi + dövlət idarəsindən məktub 0 AZN
Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün 18 AZN 2.50 AZN 3.50 AZN şəxsiyyət vəsiqəsi + VÖEN 0 AZN

01.07.2021 tarixindən "Vətəndaş” tipli “Asan İmza" üçün aylıq abunə haqqı 0 AZN təşkil edəcək və aşağıdakı şəxslərə tətbiq ediləcək:

  • 20.06.2020-01.07.2021 ərzində xidmətə qoşulan və 2.50 AZN aylıq abunə haqqını ödəyənlər.
  • 01.07.2021 tarixindən xidmətə qoşulanlar.

20.06.2020 tarixə qədər “Vətəndaş” tipli “Asan İmza” xidmətinə qoşulan və 18 AZN ödəyən vətəndaşlar üçün aylıq abunə haqqı 2.50 AZN olaraq qalır. Bu vətəndaşlar “Asan İmza” xidmətləri qüvvədə olduğu müddətdə “Biznes” tipli “Asan İmza” sertifikatının əldə edilməsi üçün müraciət edə bilərlər. Bu kateqoriyaya aid olan vətəndaşlar aylıq abunə haqqını ödəmək istəmədikdə, Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşıb, mövcud xidməti ləğv edərək, yeni tarifə qoşula bilərlər. Bu zaman SİM dublikatı üçün 3.50 AZN ödənilməlidir.

Diqqət! 20.06.2020 tarixindən “Vətəndaş” tipli “Asan İmza” xidmətinə qoşulan, həmçinin bu xidməti 01.07.2021 tarixindən etibarən əldə edən vətəndaşlar “Biznes” tipli “Asan İmza” sertifikatlarını əldə edə bilməz.

Qeyd

  • İstifadə etdiyiniz nömrədə "Asan İmza" xidmətini aktivləşdirmək istəyirsinizsə, lütfən Bakcell Müştəri Xidmətləri Mərkəzinə müraciət edin və SİM kartı yeniləyin.

Asan İmza ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün:

  • “1847” Asan İmza Çağrı Mərkəzinə zəng edin
  • info@asanimza.az elektron məktub göndərin
  • http://www.asanimza.az/az/ saytına daxil olun.

Xidmətinin SMS ilə uzadılması

Xidmətin SMS vasitəsilə uzadılması 1 dekabr 2021 tarixindən qüvvədədir.

Bu xidmətdən “Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda “Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.

Abunəçi “Asan İmza” xidmətinin istifadəçisi olduqda, həmin xidmətin etibarlılıq müddəti bitmədikdə və istifadəçi yararlandığı “Asan İmza” xidmətinin tipi və istifadə müddətinin bitməsilə bağlı məlumat almaq istədikdə “8500” qısa nömrəsinə “status” açar sözündən ibarət SMS göndərməlidir.

SMS vasitəsilə xidmətin etibarlılıq müddətini uzatmaq üçün istifadəçi aşağıdakı addımları yerinə yetirməlidir:

1. Hansı xidmət tipindən istifadə edəcəyini qərarlaşdırmalıdır (“Vətəndaş”, “Biznes” və ya “Dövlət”).

2. Hər xidmət tipi üçün nəzərdə tutulan tariflə tanış olmalı və “Asan İmza”nın lazım olan tipinin aktivləşdirilməsi üçün balansında müvafiq məbləğin olub-olmamasını yoxlamalıdır.

3. “Asan İmza” xidmətinin müddətinin uzadılması üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən biri ilə SMS göndərməlidir:

Vətəndaş tipli xidmətin uzadılması üçün: ferdi

Biznes tipli xidmətin uzadılması üçün: biznes

Dövlət tipli xidmətin uzadılması üçün: dovlet

Hər hansı səbəbdən müvafiq açar sözünün düzgün seçilməməsinə, o cümlədən hər hansı səbəbdən 3-cü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi halları da daxil olmaqla) istifadəsinə görə abunəçi məsuliyyət daşıyır. Göstərilənlərlə bağlı Bakcell şirkəti cavabdehlik daşımır.

Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri Mərkəzlərinə müraciət etmədən, SMS xidmətindən istifadə etməklə Asan İmza xidmətini aktivləşdirmək mümkün olmayacaq. Abunəçi Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 (üç) ildən çox olmayan müddətdə qoşula bilər. 3 (üç) illik müddət bitdikdən sonra abunəçi “Asan İmza” xidməti aktiv olan nömrədən aidiyyəti qısa nömrəyə seçilmiş açar sözünü göndərmək ilə xidmətdən istifadə müddətini növbəti müddətə uzadılmasını təmin edə bilər. Bakcell şirkəti müvafiq ödəniş həyata keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən abunəçiyə müvafiq sertifikat verilməlidir. Müvafiq sertifikatın verilməməsinə görə Bakcell şirkəti məsuliyyət daşımır.

Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaqla) abunəçilərə, SMS xidmətindən istifadə etmək ilə Asan İmza xidmətini növbəti dövrə aktivləşdirmək mümkün olmayacaq.

Nəzərinizə çatdıraq ki, xidmətin SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin www.e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının istifadə müddətinin bitməsinə son 30 gün ərzində “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.“Asan İmza” sertifikatlarının müddətinin onlayn qaydada uzadılması üzrə “İstifadəçi Təlimatı” ilə https://www.taxes.gov.az/uploads/2020/2017030005926400/Asan-imza-onlayn-yenilenmesi-telimati.pdf linki vasitəsilə tanış ola bilərsiniz.

Qaydalar

  1. Abunə Müqaviləsinin bu Əlavəsi əsasında Asan İmza xidmətinin göstərilməsini təmin etmək üçün “Abunəçi”yə Asan İmza proqramı ilə təchiz olunmuş SIM-kart təqdim olunur və ya “Abunəçi”nin əvvəlki Asan İmza proqramı ilə təchiz olunmamış SIM-kartı bu xidmətin göstərilməsinə imkan verən yeni SIM-kartla əvəz edilir.
  2. “Abunəçi”yə təqdim olunan Asan İmza SIM-kartına yüklənilmiş Asan İmza proqramı və Asan İmza PIN kodları vasitəsilə “Abunəçi”nin fiziki imzasının mobil elektron imza ilə əvəz edilməsi imkanını təmin edir.
  3. Asan İmza xidməti vasitəsilə “Abunəçi” müxtəlif elektron xidmət sahələrinə aid olan müqavilə, forma, akt və digər elektron sənədləri mobil elektron imza ilə imzalaya bilər.
  4. Abunə Müqaviləsinin bu Əlavəsi ilə təsdiq olunur ki, “Abunəçi” təqdim olunan Asan İmza xidmətinin qaydaları, həmçinin ödəniş haqqı ilə tanışdır və aşağıda qeyd olunanlar barədə məlumatlıdır:

4.1 “Bakcell” şirkəti tərəfindən Asan İmza xidmətinin təqdim olunması və dayandırılması Abunə Müqaviləsinin ümumi şərtləri və bu Əlavə əsasında həyata keçirilir;

4.2 Asan İmza xidmətinə qoşulan nömrə ilə məlumat mübadiləsi SMS xidmət çərçivəsində təmin ediləcək;

4.3 “Abunəçi” ilk dəfə Asan İmza xidmətinə qoşulmaq üçün “Bakcell”in Müştəri Xidmətləri ofislərinə və eləcə də ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən təmsilçilərinə müraciət edərək, müvafiq ödənişi həyata keçirir. Qoşulmanı və seçdiyi Asan İmza xidmətinin növünü təsdiq edən bildiriş “Abunəçi”yə təqdim edilir və “Abunəçi” həmin bildirişi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə təqdim edərək 3 (üç) ildən çox olmayan müddətdə Asan İmza mobil elektron imza sertifikatını əldə edir. “Bakcell” qoşulma haqqının ödənişindən sonra Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Abunəçi”yə müvafiq sertifikatın verilməməsinə görə məsuliyyət daşımır;

4.4 “Abunəçi” mövcud Asan İmza xidmətini təkrar 3 (üç) il müddətinə xidmət bitmədən uzatmaq istədikdə “Bakcell”ə SMS göndərir. Asan İmza növünə görə müvafiq məbləğ nömrənin balansından çıxılır və xidmət aktivləşdirilir. Asan İmza sertifikatı isə onlayn qaydada Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilir.

4.5 Nömrədə Asan İmza xidməti aktivləşdirildikdən sonra və Asan İmza xidmətindən tam imtina edənədək Abunəçinin xidmətdən istifadə edib-etməməsindən asılı olmayaraq Asan İmza xidmətinin növünə görə müəyyənləşdirilir abunə haqqı müəyyənləşdirilir və “Bakcell” ə ödənilir.

4.6 Bir nömrədə aktivləşdirilmiş Asan İmza xidmətinin digər nömrəyə köçürülməsi istisna olunur. “Abunəçi” Asan İmza xidmətinin göstərilməsinin dayandırılması üçün “Bakcell”in Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir;

4.7 “Abunəçi” Asan İmza xidmətinə yalnız nömrə üzrə borcu olmayan və telekommunikasiya xətti ikitərəfli açıq olan nömrə ilə qoşula bilər;

4.8 Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə “Abunəçi” arasında imzalanan Müqavilədə qeyd olunan hallarda, bu xidmət vaxtından əvvəl dayandırıla bilər. Bu kimi hallar “Abunəçi” ilə Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi arasında bağlanılmış müqavilə ilə tənzimlənir;

4.9 Asan İmza xidmətinə qoşulan nömrədə, müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi dayandırıldıqda, həmin nömrədə Asan İmza xidmətindən istifadə avtomatik olaraq dayandırılacaq. Nömrədə Asan İmza xidmətinin göstərilməsinin bərpa edilməsi müvafiq Abunə Müqaviləsində nəzərdə tutulan qaydada həyata keçirilir;

4.10 “Abunəçi” Asan İmza xidmətinin xüsusiyyətləri və tarifləri barədə məlumatlıdır. “Abunəçi” nömrəsində olan digər hər hansı telekommunikasiya xidmətindən olduğu kimi dəyişikliksiz istifadə edəcəkdir. “Abunəçi” rouminqdə olarkən Asan İmza xidmətindən yararlana biləcəkdir. Bu zaman Asan İmza xidmətinin göstərilməsinə görə xidmət haqqının tutulması rouminq tarifləri çərçivəsində həyata keçiriləcək;

4.11 Nömrədə Asan İmza xidmətindən hər hansı səbəbdən üçüncü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi daxil olmaqla) istifadəsinə görə “Abunəçi” məsuliyyət daşıyır. Belə istifadənin qarşısını almaq üçün “Abunəçi” dərhal Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə zəng etməli və ya Asan Sertifikat Xidmətləri Mərkəzinə və “Bakcell”in Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir;

4.12 “Abunəçi” Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq Abunə Müqaviləsinə əsasən Asan İmza xidməti üzrə nömrədə yaranan borcların, gecikmə faizlərinin və cərimələrin ödənilməsinə görə məsuliyyət daşıyır.

4.13 Nömrə addan ada keçirildiyi halda, “Abunəçi” Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə bağlanılmış müqavilənın şərtlərinə uyğun tədbir görməlidir və “Bakcell” buna görə məsuliyyət daşımır;

4.14 Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Abunəçi”yə müvafiq sertifikatın verilməsindən imtina edildikdə, “Abunəçi” “Bakcell”dən Asan İmza SIM kartını əldə etdiyi gündən etibarən 2 (iki) həftə ərzində Asan İmza xidmətinə qoşulmaq üçün əvvəlcədən ödədiyi vəsaiti geri ala bilər. Əks halda, habelə nömrədə aktivləşdirilmiş Asan İmza xidmətindən istifadə olunmadıqda, Asan İmza xidmətinə qoşulmaq üçün ödənilən müvafiq xidmət haqqı geri qaytarılmır.

Asan İmza mobil elektron imza vasitəsilə istifadəsi mümkün olan e-xidmətlərin SİYAHISI